B.e.ə. 130-cu illərdən bu günə qədər onurğa xəstəliklərində tətbiq etmək üçün ağac qabığı, dəri, müxtəlif təbii və süni materiallardan hazırlanmış müxtəlif formada onlarla korset təklif edilmişdir. Biz bel üçün təklif olunmuş korsetlərdən 30-dan çox kitab, jurnal, məqalə və 25 internet veb səhifəsində təsvir edilən qırxdan çox korseti araşdırdırdıq. Nəticədə, müəyyənləşdirdik ki, onlardan heç biri patologiyaya uğramış fəqərəarası diskə və oynaqlara düşən ağırlğı kifayət qədər azaltmır, çox seqmenti əhatə etdiyi və döş qəfəsini sıxdıkları üçün lüzumsuz hərəkətsizliyə səbəb olurlar.
Bunları nəzərə alaraq bel osteoxondrozun sinir fəsadlarında, xüsusən fəqərəarası disk yırtığının kəskin dövründə, manual terapiyadan sonra, fəqərəarası oynaqların artrozunda istifadə etmək üçün prinsipcə yeni korset (şəkilə bax) təklif edirik. Xaricdən dəri və ya dermantin, içərisi qalın bezdən olmaqla kifayət qədər sərt hazırlanmış korsetin yan hissəsi (şəkiıldə 7) qabırğa qövsünün ən aşağı dayanıqlı nöqtəsi ilə qalça darağını sıx birləşdirərək bel fəqərələrinə düşən ağırlığı paylaşdırmaqla zədələnmiş onurğa funksiyonal biriminə düşən təzyiqi azaldır və xəstənin önə əyilməsinə imkan vermir. Korsetin arxa-bayır hissəsindəki cibə yerləşdirilmiş sərt metal və ya plastmas lövhə oma, bel və döş fəqərələrinin arxa çıxıntılarına bərk sıxılaraq onurğanın bu hissəsinə dayaq olur, arxaya hərəkətə imkan vermir. Korset sərt olduğu, beli və qarını çox sıxdığı üçün qarındaxili təzyiqi artırmaqla onurğanın tonusunu yüksək tutur, diskətrafı damarlarda (qan və limfa) təzyiqi artırır. Fəqərəarası diskə düşən yük yanlara paylaşılaraq azaldığından diskdaxili təzyiq azalır. Nəticədə disklərin qidalanması yaxşılaşır. Korset bağlandıqda xəstəyə güvən verir, qarın və bel əzələlərinin aktivliyi azalır, beldə istilik artır, skolioz normallaşır və digər bel əyrilikləri tənzimlənir, deformasiyanın qarşısı alınır. Təklif olunan korset 14 il ərzində (1989-1994’cü illər Naxçıvan Respublika Xəstəxanası, 1994-2001’ci illər Türkiyənin Kayseri Qızıl Ay Sağlıq Mərkəzi, son 3 ildə yenidən Naxçıvan
Respublika Xəstəxanasında) 1250-dən çox xəstəyə tətbiq edilmişdir. Uzun müddətli müşahidələr nəticəsində müalicənin korset istifadə etməyənlərə nisbətən daha tez və effektli olduğu, yataq günlərinin sayının kəskin azaldığı, xəstənin əmək qabiliyyətinin daha tez bərpa olduğu, beləliklə müalicəyə çəkilən xərcin azaldığı müəyyənləşdirilmişdir. Korset qöştərişlərə ciddi əməl edilməklə hazırlanıb tətbiq edilməli, şəkıldə göstərilən ölçüləri hər xəstəyə özəl olaraq və dəqiq götürülməlidir. Bu zaman döş qəfəsinin ən aşağı yan sərt nöqtəsi (qığırdaqların bir birinə və döş qəfəsinə birləşdiyi nöqtə), bəzən X qabırğa qığırdağının sərbəst olması nəzərə alınmaqla, müəyyən edilir. Bel lordozunun düzlənmə dərəcəsi nəzərə alınmaqla lövhənin qoyulub qoyulmaması və forması müəyyənləşdirilir. Korsetin uclarını birləşdirən hissə 20-25 sm paris plastırından (cırıt, velkro) hazırlanır (şəkildə 8-9) ki, bağlanma anında qarnın vəziyyətinə (tox, ac, köp və s.) uyğun sıx bağlana bilsin. Korsetin kənarları qatlanaraq tikilir ki, yumşaq toxumaları zədələməsin. Korset kompleks konservativ müalicənin tərkib elementi kimi xəstəliyin kəskin dövründə, sərt yataqda bir neçə gün yatdıqdan sonra, ayağa durmazdan əvvəl və ya sərt yerdə ən azı 10 dəqiqə uzandıqdan sonra nəfəs vermənin sonunda kip sıxılmaqla bağlanır.
ŞƏKİL
Kotsetin çatmayan cəhətləri yumşaq toxumaların sıxılması və diskamfortun yaranması, uzun müddət istifadə edildikdə əzələlərdə atrofiyanın əmələ gəlməsidir. Bəzi xəstələr yanlış olaraq korseti uzun müddət, hətta, yatanda bağlayırlar. Korsetin maxsimum faydalı olması üçün xəstənin müəyyən edilmiş vaxtda qoruyucu rejimə ciddi əməl etməsi, yalnız ayaq üstdə olduğu zaman korsetin belində olması, uzananda açması, erkən, amma uzanmış vəziyyətdə həkimin təyin etdiyi müalicəvi bədən tərbiyəsinə (ekzersizlərə) başlaması və ardıcıl davam etdirməsi lazımdır. Yaxşılaşdıqdan sonra, korset yalnız ağir fiziki işlər zamanı, profilaktika məqsədi ilə qısa müddətə bağlana bilər.
ŞƏKİL