Çox oxunanlar

12 Nisan 2010 Pazartesi

Səhifənin yaradılma səbəbləri

Səhifənin yaradılmasına aşağıda qeyd olunanalar səbəb olmuşdur

1. Borcumu (belə demək mümkünsə) qaytarmaq düşüncəsi. İnsanın yaranması (ya da yaradılmasının) məqsədini, həyatın mənasını tam dərk edə bilmirəm. Ama onu düşünürəm ki, hər insan yaşamı üçün valideyinlərinə, Vətəninə, cəmiyyətə hətta təbiətə borcludur (miqdarını təyin etmək mümkün deyil). Bu borcu qaytarmaq mümkünmü? Ananızın (ana bətnindəki həyatınızı da nəzərə alaraq) Sizin həyatınız üçün çəkdiyi əziyyətin neçə faizini geri qaytara bilərsiniz? Yaxud, bir maşının yaranmasında minlərcə insanın zehni və fiziki əməyi təmərküzləşib. Heç düşündünüzmü ki, uzaq keçmişdə sizin indi istifadə etdiyiniz avtomobilin daxili yanma mühərrikini kəşf edən ixtiraçıya borcunuz var və onu necə ödəyə bilərsiniz? İnsan 300 trilyon hüceyrə olaraq yer üzündə (hər halda kosmosda daha təkmil olduğuna inanıram) ən mükəmməl varlıq kimi bütün geno- və fenotipi üçün təbiətə borclu deyilmi?

Yəni, bizim borc ödəməmizin geri yolu çox məhduddur ya da yoxdur. Əvəzində övladlarımıza (hətta bizə veriləndən daha çox) və bizdən sonrakı nəslə bir şeylər verə bilərik və verməliyik. Başqa sözlə keçmişdən indiyə və bu gündən gələcəyə uzanan, çox şeyi müəmmalı qalan bu həyat zəncirində bizim nəsil də bir halqadır. Bu halqanın bir zərrəciyi də (çox kiçik də olsa) bizik və borcumuzu dərk etməli və ödəməyə heç olmasa cəhd etməliyik. Bu məqsəd və böyük ümidlə “insanlığın” mənə verdiyi internet imkanından istifadə edərək borcumun heç olmasa bir hissəsini verməyə cəhd etdim. Bilik və təcrübəmi Sizlərlə bölüşmək qərarına gəldim. Həm də həkimlik borcumu (əhalinin sanitar maarifini artırmaqla, gənc həkimlərə məsləhət verməklə, həmkarlarımla təcrübə mübüdiləsi etməklə, gələcəkdə internet üzərindən tibbi xidmət təşkil etməklə) yerinə yetirmiş olaram. Faydalı olsam, özümü daha rahat hiss edəcəyimi düşünürəm.

2. Mərkəzi sinir sisteminin iş prinsiplərindən biri də əks əlaqə prinsipidir. Belə ki, orqanizmdə hərəkət (fəaliyyət) zamanı fəaliyətin reallaşması istiqamətindəki mərhələlərdə mərkəzə məlumat verilir. Bundan asılı olaraq fəaliyyətin gedişinə nəzarət və davamı korreksiya edilir. Bu prinsip bir çox başqa sahələrdə də tətbiq olunur. Digər yandan əslində fəaliyyət qıcığa bağlıdır. Yəni özünütənqid və tənqid olmasa insanın təkmilləşməsi çətin olar. Ona görə də Sizin fikir, rəy və tənqidləriniz mənim öz üzərimdə daha çox çalışmağıma, peşəmdə təkmilləşəcəyimə səbəb olacağını düşünürəm.

3. Qeyd etməliyəm ki, bu işə başlamamda tanış və xəstələrimin tələbnin də təsiri olmuşdur.

4. Özümü tanıtmaq istəyimi reallaşdırmaq. Məncə, xöşbəxtlik müəyyən zaman kəsimində yaşadığımız ruhi və fiziki rahatlığın yüksək səviyyəsidir ki, bu da arzuların reallaşması ilə əlaqədardır. Yəni, insanın boyük arzuları həyata keçəndə xoşbəxt olur, istəkləri reallaşanda rahatlıq tapır. İnsanın bir tutqusu da tanınmaq həvəsidir. Ama, mən tanınmaqdan çox özümü tanıtmaq (yəni fiziki mənada deyil, fikir və düşüncələrimi Sizə çattırmaq anlamında) məqsədi ilə səhifəni tərtib edirəm. Çünki, çox vaxt eşitdiyim fikir, qarşılaşdığım hadisələr, əksəriyyət tərəfindən asanlıqla qəbul olunsa belə, mən qəbul edə bilmirəm (paradoksal görünsə belə, etiraf etməliyəm ki, istəsəm də olmur). Məndə onlara qarşı ya tənqidi ya da əks fikir yaranır. Hesab edirəm ki, hər hansı bir məsələyə muxtəlif nəzərlərdən baxmaq məsələnin rasiyonal həlli üçün faydalıdır (istərsəniz bunu özünü müdafiə kimi də qəbul edə bilərsiniz). Hətta bunun aşırı olduğunu, mənə hər yönü ilə zərər verdiyini başa düşdüyüm halda, onunla mübarizə apara bilmirəm. Açıqcası, fikirlərimi Sizə çatdırmaqda məqsədim odur kı, aranızda həmfikirlərimi tapım. Əminəm ki, mənə bənzərlər var və mütləq tapışacağız. P.S: ‘’Sən demə qara qızın dərdi varmış: yəni ki. sən həmfikir ‘’ovuna’’ çıxmısan’’, deyə düşünənlərinizdən çox incimərəm.

Hiç yorum yok:

Yorum Gönder